Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə yeni məzmun və dinamika qazanaraq siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə əməkdaşlığın genişlənməsi ilə müşayiət olunur. Bu proses Azərbaycanın region ölkələri ilə qarşılıqlı əlaqələrinin strateji əhəmiyyətini artırmaqla yanaşı, Xəzər hövzəsində və daha geniş coğrafiyada yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradır. Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü də bu baxımdan mühüm əhəmiyyət daşıyıb. Görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması region dövlətləri ilə əlaqələrin institusional baxımdan da yeni mərhələyə keçdiyini göstərir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının artıq ikitərəfli münasibətlərlə məhdudlaşmadığını, çoxtərəfli regional əməkdaşlıq mexanizmlərində də fəal iştirak etdiyini nümayiş etdirir.
Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin mühüm istiqamətlərindən biri siyasi dialoqdur. Son dövrdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi dövlətlər arasında etimadın və qarşılıqlı siyasi əlaqələrin möhkəmləndiyini göstərir. Xüsusilə Azərbaycan–Türkmənistan münasibətlərinin dinamik inkişafı bu baxımdan diqqət çəkir. Son bir il ərzində yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər iki ölkə arasında siyasi dialoqun intensivliyini və əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı marağın olduğunu göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində humanitar və qardaşlıq həmrəyliyi də xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan tərəfindən göstərilən dəstək bunun konkret nümunələrindəndir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdam şəhərində Manas adına məktəbin və Füzulidə məscidin inşası region ölkələrinin Azərbaycanın yenidənqurma prosesinə verdiyi töhfələrin mühüm göstəriciləridir.
İqtisadi-ticari əməkdaşlığın genişlənməsi də Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə qarşılıqlı ticarət dövriyyəsinin artması, investisiya əlaqələrinin genişlənməsi və birgə layihələrin həyata keçirilməsi iqtisadi tərəfdaşlığın daha praktik məzmun qazandığını göstərir. Bu çərçivədə Azərbaycan tərəfindən Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması da mühüm addımdır. Qarşılıqlı investisiyaların genişləndirilməsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın daha uzunmüddətli və dayanıqlı əsaslara keçməsinə imkan yaradır.
Nəqliyyat sahəsi isə Azərbaycanla Mərkəzi Asiya arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Xəzər dənizi bu əlaqələrdə mühüm körpü rolunu oynayır. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin nəqliyyat infrastrukturlarının inkişaf etdirilməsi, limanların, dəmir və avtomobil yollarının imkanlarının artırılması regionu beynəlxalq nəqliyyat və logistika şəbəkələri ilə daha sıx bağlayır. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusilə artır. Çin və Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların həyata keçirilməsində mühüm alternativ marşrutlardan birinə çevrilən bu dəhliz Azərbaycanın tranzit imkanlarının genişlənməsinə də şərait yaradır. Nəqliyyat əlaqələrinin rəqəmsal infrastrukturla tamamlanması da mühüm istiqamətlərdəndir. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi region ölkələri arasında rəqəmsal bağlantıların gücləndirilməsinə və müasir kommunikasiya imkanlarının genişləndirilməsinə xidmət edir.
Energetika sahəsi də Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında ölkənin tranzit imkanlarını artırır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin genişlənməsi bu əməkdaşlığın praktiki nəticələrindəndir. Bununla yanaşı, enerji əməkdaşlığında yeni mərhələ bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin inkişaf etdirilməsi ilə xarakterizə olunur. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər regionun enerji potensialından daha səmərəli istifadə etməyə və elektrik enerjisinin regional və beynəlxalq bazarlara çıxarılması imkanlarını genişləndirməyə yönəlib.
Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın inkişafı yalnız ayrı-ayrı iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır. Siyasi etimad, qarşılıqlı investisiyalar, nəqliyyat-kommunikasiya əlaqələri, enerji əməkdaşlığı və humanitar münasibətlərin paralel şəkildə inkişaf etdirilməsi regionda daha sıx tərəfdaşlıq mühitinin formalaşmasına zəmin yaradır. Bu əməkdaşlığın dayanıqlılığında sülh və sabitlik xüsusi əhəmiyyət daşıyır. Regional təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətlər arasında qarşılıqlı etimadın artırılması və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanla Mərkəzi Asiya ölkələrinin qarşılıqlı fəaliyyətinin gələcək inkişafı üçün əsas şərtlərdən biri kimi çıxış edir.
Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü və Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında münasibətlər çoxşaxəli və uzunmüddətli əməkdaşlıq modelinə çevrilməkdədir. Siyasi dialoqun dərinləşməsi, iqtisadi və investisiya əlaqələrinin genişlənməsi, Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya imkanlarının artırılması və enerji əməkdaşlığının yeni istiqamətlərinin formalaşması qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da möhkəmlənməsi üçün geniş imkanlar yaradır.
Samirə Hüseynova
Xeberde.az




